Aynur Əhmədova

Yaradıcı şöbə müdiri


Aynur Əhməd qızı Əhmədova 17 sentyabr 1975­ci ildə Lənkəran şəhərində anadan olub. 1992 - 1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Inistitutunun Teatr kollektivinin rejissorluğu fakultəsində təhsil alıb. Ilk dəfə səhnəyə tələbə ikən 1996/1997-ci il te­atr mövsümündə Akademik Milli Dram Teatrında Azərpaşa Nemətovun quruluş verdiyi Elçinin “Ax Parij, Parij“ əsərinin tamaşasında çıxmışdır. 1998-ci ildən Lənkəran Dövlət Dram Teatrında aktrisa işləyir.

Milli klassiklərimizin əsərlərində ifa etdiyi rollar: Sona xanım və Şölə xanım (“Hacı Qara” və “Lənkəran xanının və­ziri”, Mirzə Fətəli Axundzadə), Zeynəb (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə), Cahan xanım (“Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Səriyyə, Gülüş (“Vəfalı Səriyyə”, “Sevil”, Cəfər Cabbarlı), Yasəmən (“Qaraca qız”, Abdulla Şaiq. Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında), Reyhan (“Cavanşir”, Mehti Hüseyn).

 

Çağdaş Azərbaycan dramaturqlarınınn müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Aytac (“Artan döv­lətinin hekayəti” Xədicə Murad), Nelli (“Üca dağ başında”, Vaqif Səmədoğlu), Turan (“Mənim ağ göyərçinim”, Tama­ra Vəliyeva), Domrulun anası və Banuayca (“Məhəbbət və ölüm”, Baba Rzayev), Ögey qız (“Göyçək Fatma”, Ağacəfər Fətullayev), Vəfa, Xanım və Qadın (“Sovqat”, Maarif Məmmə­dov), Roza (“Şeytan işığı”, Kamran Nəzirli), Kəmalə (“Qəribə oğlan”, Ilyas Əfəndiyev), Katibə, Gənc qadın (“Mənim sevimli dəlim” və “Cəhənnəm sakinləri”, Elçin), Mandana (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Lalə (“Eh, qadınlar, qadınlar”, Marat Haqverdiyev), ZAQS müdiri (“Varlı qadın”, Əli Əmirli), Maya (“Ilğım”, Firuz Mustafa), Şəfqət bacısı, Aygün (“Ləyaqət” və “Vicdanın hökmü”, Hüseynbala Mirələmov), Iradə (“Insan və şeytan”, Azər Abdullayev), Çiçək (“Ana laylası”, Isgəndər Coşqun), Susanna (“Bir ovuc torpaq”, Hüseyn Allahyarov), Kama (“Kərgədan buynuzu”, Maqsud Ibrahimbəyov), Burla xatun (“Casus”, Kamal Abdulla), 3-cü adam ( “Iki iyirmi üç arasında”, Qəşəm Nəcəfzadə), Nərgiz (“Məni qınamayın”, Hidayət), Sevda (“Şəhid bayrağı”, Qafar Cəfərli).

Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii per­sonajlar: Kəniz (“Şah Edip”, Sofokl), Anjelika (“Jorj Danden və ya aldadılmış ər”, Jan Batist Molyer), Pompeya (“Iblisin oyunları”, Mikloş Xubai), Gülbikə (“Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latipovlar), Ayzadə (“Manqurt”, Çingiz Ayt­matov), Birinci Cemma (“Övod”, Etel Voyniç), Katibə (“Ölü canlar”, Mixail Bulqakov. Nikolay Qoqolun eyni adlı əsəri əsasında), Mariya (“Ruhlar”, Eduardo de Filippo), Əlamət (“Dəmir qadın”, Şərəf Başbəyov), O birisi, Nigar xanım (“Se- nemar” və “Ilan sultan”, Bəhram Beyzayi), Anka (“Nazirin xanımı”,BranislavNuşiç),Sevda (“Ocaq”, Turqut Özakman), Klementina (“Herostratı unudun”, Qriqori Qorin), Fru Linnc

(“Kuklalar evi”, Henrik Ibsen), Nağıllar şahzadəsi (“Qar kra­liçası”, Hans Kristian Andersen), Cavan kor qadın (“Korlar”, Moris Meterlink), Zifa, Gülbikə” (“Evlən, oğul, evlən!” və “Şah və əks-səda”, Hüseyn və Həmdiyyə Latipovlar), Ana (“Cə­milə”, Çingiz Aytmatov), Cahan (“Mən nənə ilə evlənirəm”, Hüseyn Muxtarov), Ana (“Dörd əkiz”, Panço Pançev).

Teatrdakı fəaliyyətiylə bərabər iyirmi beş ilə yaxındır ki, Lənkəran şəhərində keçirilən ümumrayon tədbirlərinin aparıcısıdır.

 

1999-cu ildən Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının üzvüdür. 2001- ci ildən təşkilatın idarə heyətinin və Qadınlar şurasının üzvüdür. Partiyanın 2-ci və 3-cü qurultaylarının nümayəndəsi seçilib. 1998-ci ildən ölkəmizdə keçirilən Prezident və Parlament seçkilərində Lənkəran şəhər təşkilatının təbliğat-təşviqat qrupunda fəal iştirak edib. Yeni Azərbaycan Partiyasının 10-cu, 14-cü, 17-ci və 25-ci ildönümü tədbirlərində Lənkəran şəhər təşkilatının fəxri fərman və hədiyyələri ilə təltif olunub.

 

Ötən illərdə dəfələrlə Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələrinə layiq görülüb. İyirmi il ərzində doqquz il (1999-2008) teatrla bərabər Lənkəran televiziyasında Xəbərlər departamentində xəbər aparıcısı və redaktoru kimi

 

çalışıb, eyni zamanda, bir neçə layihənin müəllifi və aparıcısı olub.

 

2005-ci ildə Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyinin "İlin ən yaxşı gənc teatr aktrisası" nominasiyası üzrə Gənclər mükafatına layiq görülüb. 2010-cu ildə Lənkəran Şəhər Bələdiyyəsinin "İlin laureatı" mükafatına layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanına, 2022-ci ildə isə Mədəniyyət Nazirliyinin "Fəxri Fərman" ilə təltif olunub.

 

2008-ci il Türkiyənin Konya şəhərində, 2010-cu ildə Ankarada, 2011-ci ildə Dənizlidə, 2016-cı ildə İran-İslam Respublikasının Təbriz və Məşhəd şəhərlərində keçirilən "Fəcr" Beynəlxalq Teatr festivallarında, 2019-cu ildə Tehranda keçirilən "Adət-ənənə" festivalında çıxış edib.

 

2022-ci il martın 10-da Milli Teatr Günü münasibətilə AR Mədəniyyət Nazirinin Fəxri Fərmanı ilə təltif olunub. 2023-cü ildə Prezident Mükafatına layiq görülüb.