Balaca tamaşaçılar üçün nağıl dolu unudulmaz bir gün yaşadıb

24 may 2026


24 may tarixində Lənkəran Dövlət Dram Teatrı balaca tamaşaçılar üçün nağıl dolu unudulmaz bir gün yaşadıb. Teatr səhnəsində yazıçı Ələkbər Hüseynovun “Möcüzəli Kitabın Sirri” adlı musiqili və əyləncəli tamaşasının premyerası böyük maraq və alqışlarla qarşılanıb.

 

Tamaşa başlayandan etibarən səhnədə sehrli kitabın açılması ilə nağıl dünyasının qapıları uşaqların üzünə açılıb. Bir-birindən rəngarəng qəhrəmanlar, maraqlı səhnə keçidləri və dinamik musiqilər zalda əsl bayram ab-havası yaradıb. Səhnədə qurulan sehrli atmosfer uşaqları gündəlik həyatdan uzaqlaşdıraraq xəyal və macəra dolu bir aləmə aparıb.

 

Xüsusilə tamaşada istifadə olunan parlaq dekorlar, nağıl personajlarının fərqli kostyumları və aktyorların enerjili ifaları balaca tamaşaçıların böyük marağına səbəb olub. Uşaqlar tamaşa boyu qəhrəmanlarla birlikdə sevinib, həyəcanlanıb və onları gurultulu alqışlarla qarşılayıblar. Bəzi məqamlarda isə balacaların səhnədə baş verən hadisələrə emosional reaksiyası zalda xüsusi səmimiyyət yaradıb.

 

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynovanın quruluş verdiyi tamaşa yalnız əyləncə deyil, həm də uşaqlara kitab sevgisi, dostluq, birlik, mərhəmət və xeyirxahlıq kimi dəyərləri aşılayan təsirli səhnələrlə yadda qalıb.

 

“Möcüzəli Kitabın Sirri”nin ilk nümayişi həm uşaqların, həm də valideynlərin yaddaşında uzun müddət qalacaq rəngarəng və duyğulu bir teatr bayramına çevrilib.