Lənkəran Dövlət Dram Teatrında yeni uşaq tamaşasının məşqlərinə başlanılıb.
7 Aprel 2026
Teatrımızın gənc və istedadlı rejissoru Günay Səlimsoyun quruluşunda hazırlanan “Gülşən və Qarı nənə” adlı yeni səhnə əsəri tamaşaçılara təqdim olunacaq.
Tamaşanın quruluşçu rəssamı Fuad Babazadə, rejissor köməkçisi Nuranə Nəcəfovadır.
Tamaşada rolları:
Ş.Hüseynova, N.Nəcəfova (Nənə), M.Cəfərova, G.Bağırova (Gülşən), A.Əsədova, V.Hacızadə (Küpəgirən), A.Babazadə, G.Kərimova (Aybəniz), T.Hacızadə (Elşən),
C.Səlimov və E.Məmmədov (Sənan) ifa edirlər.
“Gülşən və Qarı nənə” əsəri uşaqlar üçün nəzərdə tutulmuş maraqlı və ibrətamiz səhnə əsəridir.
Əsərdə şıltaq və şən Gülşənin dostları ilə birlikdə meşəyə getməsi, nənəsinin xəbərdarlığına baxmayaraq təhlükə ilə üzləşməsi və Küpəgirən qarının hiyləsinə düşməsi təsvir olunur.
Hadisələrin inkişafında sehrli iksir vasitəsilə uşaqların sevincini oğurlamaq istəyən qarıya qarşı dostluq, cəsarət və birlik nümayiş etdirilir. Dostları qorxularına qalib gələrək Gülşəni xilas etmək üçün mübarizəyə atılırlar.
Əsərdə xeyirin şər üzərində qələbəsi, dostluğun və həmrəyliyin gücü əsas ideya kimi təqdim olunur. Tamaşa uşaqlara birlikdə hər çətinliyin öhdəsindən gəlməyin mümkün olduğunu aşılayır, həmçinin böyüklərin nəsihətlərinə qulaq asmağın vacibliyini vurğulayır.
Əsər öz dinamik süjeti, maraqlı səhnə həlli və tərbiyəvi məzmunu ilə seçilir.
Hazırda tamaşanın məşqləri davam edir.
