Neftçala rayonunda “Möcüzəli Kitabın Sirri” adlı musiqili və əyləncəli tamaşasının premyerası baş tutub

23 may 2026


23 may tarixində Neftçala rayonunda Lənkəran Dövlət Dram Teatrının Ələkbər Hüseynovun “Möcüzəli Kitabın Sirri” adlı musiqili və əyləncəli tamaşasının premyerası baş tutub. Balaca tamaşaçılar üçün təqdim olunan tamaşa uşaqlara unudulmaz anlar yaşadaraq səhnədə əsl nağıl dünyası yaradıb.

Tamaşa öncəsi  Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin sədri Könül Məmmədova teatr kollektivini xoş qarşılayaraq təqdim edib, tədbirin uşaqlar üçün əhəmiyyətini vurğulayıb və balaca tamaşaçılara xoş arzularını bildirib. Qarşıdan gələn Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edərək onlara xoş diləklərini çatdırıb. Daha sonra Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynova uşaqlara sevinc, uğur və xoşbəxt gələcək arzulayıb.Tədbirdə həmçinin Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə tərəfindən göstərilən diqqət və dəstəyə görə dərin minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, mədəniyyətin inkişafına göstərilən bu qayğı teatr sənətinin daha da zənginləşməsinə, uşaqlar üçün həyata keçirilən layihələrin geniş vüsət almasına mühüm töhfə verir.

Səhnəyə qoyulan tamaşa rəngarəng dekorasiyası, nağıl qəhrəmanlarının maraqlı geyimləri və musiqili səhnələri ilə uşaqlarda böyük maraq yaradıb. Sehrli obrazların parlaq kostyumları, kitab dünyasını xatırladan səhnə tərtibatı və aktyorların canlı ifaları balaca tamaşaçıları nağıl aləminə aparıb. Tamaşa boyunca uşaqlar qəhrəmanları alqışlarla qarşılayıb, onların macəralarını böyük həyəcanla izləyiblər.

Quruluşçu rejissoru Laləzar Hüseynova olan səhnə əsərində uşaqlara kitab sevgisi, dostluq, birlik və xeyirxahlıq kimi mənəvi dəyərlər aşılanıb.

Sonda isə uşaqlara xatirə hədiyyələri təqdim olunub və tədbir xoş duyğularla yadda qalıb.